UEFA prezidenti Aleksander Çeferin məşhur potuqal mütəxəssis, hazırda “Fənərbağça”nı çalışdıran Joze Mourinyo haqda fikrini açıqlayıb.
Arena.az “Marca” nəşrinin “Delo” dərgisinə istinadı əsasında, UEFA prezidentinin müvafiq qənaətini təqdim edir:
“O, böyük adamdır. Mourinyo oyun zamanı özünü müstəsna aparır. Onun gerçəyi qəbullanması azacıq bulanlıq gözə çarpır, çünki oyun zamanı o, dəyişir, amma əslində Joze gözəl insandır.
Bizim çox yaxşı münasibətimiz var. Koronavirus pandemiyası zamanı o bütün London üzrə qocalar evlərinə yeməyi şəxsən özü çatdırırdı. Mourinyo – çox maraqlı adamdır və biz çox yaxşı ünsiyyət yaradırıq”, deyə Çeferin vurğulayıb.
62 yaşlı Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbağça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Bu müddətdə portuqal mütəxəssis “Fənərbağça”nı 39 oyuna çıxarıb, 25 qələbə, 9 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 90:43 nisbətindədir.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 23 oyundan 58 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbağça” 64 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.
Joze Mourinyo “Fənərbağça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.


