Türkiyənin “Konyaspor” klubunun xorvatiyalı dayaq yarımmüdafiəçisi Niko Rak Super Liqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonrakı karyerasını Sloveniyada davam etdirəcək.
Gənc yarımmüdafiəçi bu ölkənin “Primorye” klubuna keçib. “Konyaspor”u azad agent kimi tərk etmiş futbolçu yeni klubu ilə cari mövsümün sonunadək (2025-ci ilin 30 iyununadək) anlaşıb.
Niko Rak Xorvatiyanın “Şibenik” klubunun yetirməsidir. “Konyaspor” gənc yarımmüdafiəçini 2023-cü ilin martında 200 min avro müqabilində “Şibenik”dən transfer etmişdi. Rak Konya klubunun əsas komandasında cəmi 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rak Xorvatiyanın U-16, U-17 və U-19 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 550 min avro məbləğində qiymətləndirir.


