“Barselona”nın 26 yaşlı ispan hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo zədələnərək, müəyyən müddətə sıradan çıxıb.
Arena.az məlumat verir ki, Olmo İspaniya La Liqasının 27-ci turundan “Osasuna” ilə təxirə salınmış ev oyununda (3:0) zədələnib.
Yarımmüdafiəçi 28-ci dəqiqədə meydanı tərk etməli olub. İlk səthi müayinə zədənin ciddi olmadığını göstərsə də, bu gün aparılacaq əsaslı müayinə futbolçunun hansı müddətə sıradan çıxdığını müəyyənləşdirəcək.
“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Olmo cari mövsümdə “Barselona”nın heyətində 28 oyuna çıxıb, 8 qola və 5 məhsuldar ötürməyə imza atıb.
Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 43 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Həmçinin Olmo “Barselona” ilə İspaniya Super Kubokunu (2024/2025) qazanıb. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


