“Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik İspaniya nəhənginin sükanı arxaısnda qələbə faizi üzrə ikinci yerə yüksəlib.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Hansi Flik müvafiq nailiyyətini İspaniya La Liqasının 27-ci turundan “Osasuna” ilə təxirə salınmış ev oyununda 3:0 hesablı qələbə sayəsində rəsmiləşdirib.
Flikin “Barselona”nın sükanı arxasında qələbə faizi 75%-dir. Alman mütəxəssisin bütün yarışlar çərçivəsində 44 dəfə meydana çıxardığı “blauqrana” 33 dəfə qələbə sevinci yaşayıb.
Eyni faiz göstəricisinə “Barselona”nın ispan keçmiş çalışdırıcı, mərhum mütəxəssis Tito Vilanova malikdir.
“Barselona” ilə ən yüksək qələbə faizinə nail olmuş mütəxəssis isə hazırda Fransa nəhəngi PSJ-ni çalışdıran ispan mütəxəssis Luis Enrikedir. Luis Enrikenin “blauqrana”sı keçirdiyi oyunların 76,24 faizində qələbə qazanıb.
İspaniya La Liqasının 28 turundan sonra Flikin “Barselona”sı 63 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.


