Dünya futbolunun argentinalı əfsanəsi Dieqo Maradonanın oğlu atasının öldürüldüyü qənaətindədir və bu iş üzrə məhkəmənin gedişini şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, Dieqo Maradonanın oğlu Dieqo Armando Maradona Sinaqranın (Sinaqra) müvafiq açıqlamasını təqdim edir:
“Mən məhkəmənin gedişatını izləyirəm, bu, bizim hamımız üçün çətin vaxtdır. Çətin olacaq, amma bir buna hazırıq.
Bu məhkəmədə mənə ən böyük ağrı yaşadan məqam odur ki, onlar onu öldürüblər. Bu, açıq-aşkardır. Onlar ona lazımi qaydada qulluq göstrməyiblər və onu xilas etmək üçün heç nə etməyiblər. Əgər onlar onu müvafiq qaydada müalicə etsəydilər, o, indi burada otura bilərdi. Onların heç nə etmədiyini qəbul edə bilmirəm. Əminəm ki, biz, səhlənkarlıq olduğunu sübut edə biləcəyik.
Bu qədər məhkəmə çəkişməsindən və pul oğurluğundan sonra, mənim atam onlar üçün ölümündən sonra sərfəli olub. Niyə? Bilmirəm. Ancaq həkimlərin və onları təyin etmiş kəslərin necə fəaliyyət göstərdikləri, mənə başqa seçim qoymur”, deyə oğul Maradona təəssüflə vurğulayıb.
Xatırladaq ki, əfsanəvi Maradona 2020-ci ilin payızında, noyabrın 25-də özünün Tiqredəki evində 60 yaşında dünyasını dəyişib. Dieqonun ölüm səbəbi ürək tutması (miokard infarktı) olaraq göstərilib. Meyitin yarılması ilə məlum olub ki, Dieqonun ürəyi adi insanın ürəyindən iki dəfə böyük olub. Müvafiq qeyri-adilik dilatasion kardiomiyopatiya ilə əlaqədardır.
Vurğulayaq ki, Dieqo Maradonanın ölümündə səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilir. Bu iş üzrə məhkəmə hələ də davam edir. Təqsirləri sübuta yetiriləcəyi halda, müttəhimləri 25 ilə qədər həbs cəzası gözləyir.


