Antuan Qrizmann Lionel Messinin rekordunu qırdı

İspaniya La Liqasının 29-ci turunun “Espanyol”la səfər oyunu (1:1) Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, fransalı futbolçu bu oyunda meydana çıxmaqla, 521-ci dəfə İspaniya La Liqasında oynayıb.

Beləliklə, Qrizman “Barselona”nın argentinalı keçmiş ulduz hücumçusu Lionel Messinin 520 oyundan ibarət rekordunu qırıb.

Əlavə edək ki, Messi La Liqada keçirdiyi 520 oyunun hamısında “Barselona” üçün çıxış edib. Qrizman isə 306 oyunu “Atletiko”, 141 oyunu “Real Sosyedad”, 74 oyunu isə “Barselona” üçün keçirib.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 43 oyuna 16 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 432 oyun, 197 qol, 91 məhsuldar ötürmə.

Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: