“Mançester Yunayted” qocaman azarkeşini məyus etdi

“Mançester Yunayted” rəhbərliyi “qırmızı şeytanlar”ın 74 illik azarkeşlik təcrübəsinə malik qocaman pərəstişkarına acı yaşadıb.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, klub rəhbərliyi 81 yaşlı azarkeş Maykl Karnini “Old Trafford”dakı yerindən məhrum edib.

Buna səbəb, Karninin komandanın ehtiyat oyunçular skamyasının arxasında daimi oturacağının olduğu sektorun VIP-bölgəyə çevriləcəyidir. MY bu yolla əlavə gəlir əldə etmək niyyəti güdür. Klub rəhbərliyi qocaman azarkeşin yeni mövsümdən etibarən yerindən məhrum ediləcəyi haqda Karniyə bildiriş ünvanlayıb. Karni bu yerdə 45 il “Mançester Yunayted”i dəstəkləyib.

Mütəəssir olmuş 81 yaşlı qoca aprelin 6-da “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasının “Mançester Siti” ilə “Old Trafford”dakı Mançester derbisində (0:0) lövhə qaldırıb:

“Mən burada hələ siz doğulmamışdan əvvəl oturmuşam. 74 illik sədaqələ dəstək – bəs nə üçün?”, yazılı lövhəni Karni “qırmızı şeytanlar”ın həmsahibi Cim Retkliff və klub rəhbərliyinin oturduğu tribunaya tərəf çevirib.

Əlavə edək ki, bu məqam – klub rəhbərliyinin qocaman azarkeşə müvafiq münasibəti “qırmızı şeytanlar”ın azarkeşlərini kədərləndirib. Sosial şəbəkələrdə klub azarkeşləri “Mançester Yunayted”in əsas sahibi Qleyzerlər ailəsini “qırmızı şeytanlar”ın bütün ənənələrini məhv etməkdə ittiham ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: