Xoakin Kaparros yenidən “Sevilya”da – Rəsmi

Əndəlüs nəhəngi “Sevilya” komandanın baş məşqçisi vəzifəsinə yeni mütəxəssisin təyinatını rəsmən açıqlayıb.

Arena.az İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, komandanı bundan sonra ispan mütəxəssis Xoakin Kaparros çalışdıracaq.

69 yaşlı mütəxəssislə müddəti cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb. Müqavilənin maliyyə tərəfi və gələcək perspektivləri açıqlanmır.

Vurğulayaq ki, bu, Kaparrosun “Sevilya”nın sükanı arxasında dördüncü macərası olacaq. Buna qədər ispan mütəxəssis 2000-2005-ci illərdə, 2017/2018-ci illər mövsümündə, həmçinin 2018/2019-cu illər mövsümünün son 11 oyununda bu komandanı çalışdırıb.

Xatırladaq ki, aprelin 13-də La Liqa təmsilçisi ispan mütəxəssis Qarsiya Pimenta ilə yollarını ayırmışdı.

31 oyundan 36 xalla “Sevilya” İspaniya La Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: