Lionel Messi: “Düzgün qərar verdiyimi bilirəm”

Argentina millisinin kapitanı Lionel Messi beynəlxalq karyerasının son oyunundan sonra sosial şəbəkə hesabında vida mesajı yayımlayıb.

Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının başa çatmasından sonra milli komandadan ayrıldığını rəsmən açıqlamışdı.

O, oktyabrın 6-dan 7-nə keçən gecə Argentina millisinin heyətində sonuncu oyununa çıxıb. Argentina yığması yoldaşlıq görüşündə Benini 3:0 hesabı ilə məğlub edib. Messi qarşılaşmada penaltidən bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

“Dünən son oyunumu keçirdim və artıq göy-ağ forma üçün darıxıram. Düzgün qərar verdiyimi bilirəm. Bu, sevinclə, eləcə də müəyyən qədər kədərlə dolu inanılmaz səyahət idi. Amma atdığım hər addımın buna dəyər olduğunu bilirəm”, – deyə Messi yazıb.

Argentina millisinin kapitanı bildirib ki, yaşadığı hissləri bir neçə sözlə və ya bir paylaşımda ifadə etmək mümkün deyil:

“Demək istədiyim hələ çox şey var. Hiss etdiyim hər şeyi bir neçə sözlə və ya bir paylaşımda ifadə etməyim mümkün deyil. Bu səyahət hər zaman yanımda olan və mənə dəstək verən ailəm olmadan mümkün olmazdı. Dostlarım, eləcə də birlikdə çalışdığım bütün komanda yoldaşlarım və məşqçilərim də mənim üçün əvəzolunmaz olublar.

Dieqo Maradonanı da unutmaq istəmirəm. O, ölkəmizi layiq olduğu yerə gətirdi”.

Lionel Messi, həmçinin klub karyerası ərzində formasını geyindiyi bütün komandalara milli komandada çıxışlarına tam şəkildə köklənməsinə imkan yaratdıqları və hisslərinə hər zaman hörmətlə yanaşdıqları üçün təşəkkür edib:

“Mən minnətdaram. Hamınızı çox sevirəm. Sizin üçün darıxacağam və bizim, mənim yanımda olduğunuz üçün sizə həmişə minnətdar olacağam”, – deyə argentinalı əfsanə əlavə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: