“Traktor” qələbə qolunu 90+23-cü dəqiqədə vurdu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 22-ci turdan təxirə slaınmış oyunda “Fulad”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu oyunda 3 xalı 2 qolla qazanıblar – 2:1. Hesabı 46-cı dəqiqədə Domaqoy Drozdek açıb. VAR-da yaranmış problemlə əlaqədar bu oyunun ikinci hissəsində böyük fasilə yaranıb. 90+20-ci dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətiriblər. Buna baxmayaraq, ruhdan düşməyən “traktorçular” 90+23-cü dəqiqədə daha bir qol vuraraq çətin qələbəyə seviniblər. Qələbə qolunun müəllifi Mahdi Haşemnecad olub.

“Traktor” hazırda 27 oyuna topladığı 61 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komanda mövsümün sonuna üç tur qalmış ən yaxın izləyicisi “Sepahan”ı 5 xal qabaqlayır.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 27 oyunda 19 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını mayın 1-də səfərdə “Şəms Azər Qəzvin” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: