Benito Vinisiusu tənqid etdi: “Bu, biabırçılıqdır”

“Real”ın ispan keçmiş yarımmüdafiəçisi Alvaro Benito “qaymaqlılar”ın 24 yaşlı braziliyalı ulduz hücumçusu Vinisius Junioru tənqid edib.

Arena.az xəbər verir ki, Benito Vinisiusun İspaniya La Liqasının 35-ci turunda baş tutmuş “Barselona” ilə səfər oyunundakı (3:4) çıxışından narazı qalıb:

“Vinisiusun etdiklərini sözlə ifadə etmək olmaz. Bu, biabırçılıqdır, sadəcə olaraq biabırçılıq.

Vinisius kimi futbol oynamaq olmaz: baxışları ilə müdafiə olunmaq, geri qayıtmaqdan çəkinib-qaçmaq, top çalımlarında iştirak etməmək, təpki göstərməmək…”, deyə Benito narazılıqla vurğulayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 50 oyuna çıxıb, 20 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 315 oyun, 105 qol, 81 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: