Braziliya prezidenti cənab Luis İnasiu Lula da Silva 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottinin “selesao”ya təyinatını şərh edib.
Arena.az CCN şəbəkəsinə istinadən, cənab prezidentin müvafiq açıqlamasını təqdim edir:
“Ançelotti – görkəmli məşqçidir. O, böyük oyunçu olub. Mən hesab edirəm ki, hazırkı məqamda biz, əvvəllər malik olduğumuz istedadlı oyuçuların əskikliyi dövrümüzdəyik. Bizim, 2022-ci və 2006-cı illərdəki hücum xəttimizi xatırlamaq kifayətdir. Ümidvaram ki, Ançelotti Braziliya millisinə kömək edə biləcək, inanmaq istəyirəm ki, o, müvafiq iş üçün strateji və taktiki baxımdan hazırlıqlı adamdır. Mən, düzünü desəm, əcnəbinin təyinatına qarşı deyiləm. Amma mən hesab edirəm ki, Brazilyada milli komandanı çalışdıra biləcək məşqçilər var”, deyə Braziliya prezidenti vurğulayıb.
Əlavə edək ki, cənab Lula da Silva çılğın futbol azarkeşidir və Braziliya millisinin üzvləri ilə mütəmadi görüşür.
Xatırladaq ki, Karlo Ançelotti Braziliya millisi ilə müqavilə imzalayıb və tezliklə – mayın 26-da “selesao”nun sükanı arxasında işə başlayacaq. İtalyan mütəxəssis “selosao”nun sükanı arxasında tamhüquqlu fəaliyyət göstərəcək ilk əcnəbi (qeyri-braziliyalı) mütəxəssis olacaq.


