“Real”ın alman əfsanəsi Toni Kroos “Barselona”nın Çempionlar Liqasında “İnter” səddini keçə bilməməsinə sevindiyini etiraf edib.
Arena.az xatırladır ki, İtaliyanın “İnter” komandası UEFA Çemionlar Liqasının yarımfinalında “Barselona”nı ələyərək (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3) mötəbər yarışın finalına yüksəlib.
Keçmiş yarımmüdafiəçi Toni Kroos “neradzurri”nin “blauqrana”nı mübarizədən kənarlaşdırmasını belə şərh edib:
“Demək istəmirəm ki, mən “İnter”in tərəfdarıyam, amma mən bu komandaya müəyyən rəğbət bəsləyirdim. Güman ki, “Real”dakı son 10 il mənim “Barselona”ya qarşı olmağıma təsirini göstərib. Mənim belə bir surətdə oyunun ab-havasına düşəməyim və “İnter”in oyunçularının son dəqiqədə qol vuraraq hesabı 3:3 etmələrindən sevinc duymağım, özüm üçün də qəribə idi”, deyə Kroos vurğulayıb.
Əlavə edək ki, 90+3-də dəqiqədə qol vurmuş “İnter” oyunu əlavə vaxta sürükləyərək, burada “Barselona”nın nəfəsini kəsib – 4:3.
Xatırladaq ki, finala yüksəlmiş “İnter” mayın 31-də Münhenin “Alyans Arena” stadionunda Fransa nəhəngi PSJ ilə həlledici oyuna çıxacaq.


