Basketbol: “Sabah”dan 3-cü çempionluq!

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün final seriyasına yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün “Neftçi” və “Sabah” komandaları arasında 6-cı oyun baş tutub.

Bakı İdman Sarayında keçirilmiş qarşılaşmada çempionun adına aydınlıq gəlib “Sabah” seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb. “Neftçi” isə seriyada hesaba tarazlıq gətirmək və finalı 7-ci oyunadək uzatmaq arzusunu reallaşdıra bilməyib.

Finaldan sonra Azərbaycan çempionatında qaliblərin mükafatlandırma mərasimi baş tutub. Ardıcıl üçüncü dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub. İkinci yeri tutmuş “Neftçi”yə gümüş mükafatlar verilib. Tədbirdə həmçinin mövsümün ən yaxşısı seçilən “Sabah”ın basketbolçusu Hassanı Qravett mükafatlandırılıb.

Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF-nin nümayəndələri təqdim ediblər.

Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, əsası 2022-ci ildə qoyulmuş “Sabah” ölkəmizi FIBA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

Azərbaycan Basketbol Liqası
Final, 6-cı oyun
14 may

“Neftçi” – “Sabah” 78:83 (17:22, 16:13, 29:30, 16:18)
Bakı İdman Sarayı.

Xəbəri sosial şəbəkələrdə paylaş: