“Mançester Yunayted”in keçmiş baş məşqçisi, niderlandlı futbol mütəxəssisi Erik ten Haq bundan sonra “Bayer”i çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Erik ten Haq bu vəzifədə “Real”a baş məşqçi təyin olunan Xabi Alonsonu əvəzləyib.
Xatırladaq ki, Erik ten Haq ötən ilin oktyabr ayında İngiltərənin “Mançester Yunayted” klubundan ayrıldıqdan sonra işsiz idi. O, 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı bütövlükdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Ten Haqla yollarını ayırmış “Mançester Yunayted” onun əvəzində portuqal mütəxəssis Ruben Amorimlə müqavilə imzalayıb.
Erik ten Haq “Mançester Yunayted”dən öncə “Ayaks”, “Utrext”, “Bayern II” və “Qou Ehed İqlz” kimi komandalarda da baş məşqçi olub.
“Bayer”i 2022-ci ilin oktyabr ayından Xabi Alonso çalışdırırdı. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. Lakin o, məhz “Real”dan aldığı təklifə görə Almaniya klubundan erkən ayrılmağa qərar verib.
“Bayer” 43 yaşlı Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klub idi. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışmışdıb.
2023/2024-cü illər mövsümündə Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. Həmçinin Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.
2024/2025-ci illər mövsümündə Xabi “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.
Xabi Alonso “Bayer”i ümumilikdə 140 oyuna çıxarıb, 89 qələbə, 32 heç-heçə, 19 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 315:155 nisbətindədir.
34 oyundan 69 xal toplamış “Bayer” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 2-ci pilləsində başa vuraraq, gümüş medal qazanıb.


