65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsində işə başlayaraq, ilk heyətini açıqlayıb.
Arena.az Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin ilk çağırışı çərçivəsində “selesao”ya cəlb etdiyi 25 oyunçudan ibarət heyəti təqdim edir:
Qapıçılar: Alisson Bekker (“Liverpul”), Bento (“Əl-Nəsr”), Uqo Souza (“Korintians”);
Müdafiəçilər: Aleks Sandro (“Flamenqo”), Aleşandro (“Lill”), Lukas Beraldo (PSJ), Leo Ortis (“Flamenqo”), Markinyos (PSJ), Karlos Auqusto (“İnter”), Danilo (“Flamenqo”), Vanderson (“Monako”), Uesli (“Flamenqo”);
Yarımmüdafiəçilər: Andreas Pereyra (“Fulhem”), Andrey Santos (“Strasburq”), Bruno Gimarayns (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Ederson (“Atalanta”), Jerson (“Flamenqo”);
Hücumçular: Estevan (“Palmeyras”), Antoni (“Betis”), Qabriel Martinelli (“Arsenal”), Mateus Kunya (“Vulverhempton”), Vinisius Junior (“Real”), Rafinya (“Barselona”), Riçarlison (“Tottenhem”).
Bu heyət Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 15-ci və 16-cı turları çərçivəsində müvafiq olaraq səfərdə Ekvador (6 İyun) və Paraqvay (11 İyun) yığmalarına qarşı keçirəcəyi oyunlarda iştirak edəcək.
Karlo Ançelotti “Real”da çalışdırdığı 24 yaşlı sağ cinah hücumçusu Rodriqo Qoesi “selesao”dakı ilk çağışına daxil etməməsi və “Mançester Yunayted”in 33 yaşlı dayaq yarımmüdafiəçisi Kazemironu milli komandaya qaytarması ilə diqqət çəkib. Eləcə də cari mövsümün ikinci yarısını “Mançester Yuanyted”dən icarə əsasında “Betis”də yüksək səviyyədə kerirmiş 25 yaşlı sağ cinah hücumçusu Antoninin (Antoni) milli komandaya cəlb edilməsi diqqət çəkir.
Karlo Ançelotti ilk heyətini şərh etdi
Karlo Ançelotti həmçinin “Real”ın 24 yaşlı ulduzu, sol cinah hücumçusu Vinisius Juniorun Braziliya millisindəki çıxışını şərh edib:
“Vini” milli komandanın heyətində özünün ən yaxşı futbolunu heç də həmişə nümayiş etdirməyib? İndi, onun bunu təshih etmək üçün fürsəti var. O, Braziliyaya dərincəsinə sadiqdir, ola bilsin ki, o, məhz buna görə əlavə təzyiq hiss edir. Buna rəğmən, o, fövqəladə oyunçudur, səylə çalışır və əsl döyüşkən ruha sahibdir”, – “Yahoo Sports” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Karlo Ançelotti Braziliyada “dünyəvi məsələ” – “Santos”un 33 yaşlı ulduzu, hücumçu Neymarı “selosao”ya çağırmamasını da əsaslandırıb:
“Mən yaxşı formada olan oyunçuarı seçməyə çalışmışam. Bir müddət əvvəl Neymarın zədəsi vardı. Hamı bilir ki, o, çox vacib oyunçudur və həmişə də belə olacaq.
Hazırkı məqamda bizim çoxlu futbolçumuz var ki, zədələrdən əziyyət çəkir və milli komandaya çağırıla bilməz, məsələn, elə, Neymar. Mən demək istəyirəm ki, Braziliyada çoxlu istedadlı oyunçu var.
Neymara gəlincə, biz onunla hesablaşırıq. Braziliya onunla hesablaşır. O, Braziliyaya qayıdıb ki, yaxşı oynasın və dünya çempionatına yaxşı hazırlaşsın. Mən səhər onunla danışmışam ki, öz qərarımı ona izah edim. O, bununla tamamilə razıdır”, – “Marca” nəşri Karlo Ançelottidən sitat gətirir.
Xatırladaq ki, 14 oyundan sonra Braziliya millisi 21 xalla 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsinin yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


