Maradonanın ölümündə ittiham edilən həkim hücuma məruz qaldı

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümündə ittiham edilən şəxsi həkimi Leopoldo Luke azarkeşlərin hücumuna məruz qalıb.

Arena.az bu barədə TN dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, həkimin mühakimə edildiyi məhkəmə binasının yaxınlığında pusqu qurmuş azarkeşlər mühafizə dəstəsinin gözündən yayınaraq, həkim Lukeyə təpiniblər. Azarkeşlərdən biri həkimin təpəsinə bayraqla vurmağa fürsət tapıb.

Xatırladaq ki, əfsanəvi Maradona 2020-ci ilin payızında, noyabrın 25-də özünün Tiqredəki evində 60 yaşında dünyasını dəyişib. Dieqonun ölüm səbəbi ürək tutması (miokard infarktı) olaraq göstərilib. Meyitin yarılması ilə məlum olub ki, Dieqonun ürəyi adi insanın ürəyindən iki dəfə böyük olub. Müvafiq qeyri-adilik dilatasion kardiomiyopatiya ilə əlaqədardır.

Vurğulayaq ki, Dieqo Maradonanın ölümündə səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilir. Bu iş üzrə məhkəmə hələ də davam edir. Təqsirləri sübuta yetiriləcəyi halda, müttəhimləri 25 ilə qədər həbs cəzası gözləyir.

Məhkəmənin qarşısında, 192 şahidin ifadəsinin dinlənilməsi, tibbi müayinələrin nəticələrinin və rəylərinin öyrənilməsi, həmçinin həkimlərin müvafiq xüsusda yazışmalarının və səs yazılarının araşdırılması kimi nəhəng işlər dayanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: