Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər” baş məşqçisi Çağdaş Atan ilə müqaviləsini yeniləyib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlmat yayıb.
45 yaşlı mütəxəssislə 2 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Yeni sözləşməyə əsasən, türkiyəli məşqçi 2027-ci ilin 30 iyununa kimi bu komandanı çalışdırmağa davam edəcək.
Xatırladaq ki, Çağdaş Atan 2023-cü ilin sentyabr ayından “Başakşəhər”i çalışdırır. O, İstanbul təmsilçisini indiyə qədər 89 oyuna çıxarıb. “Başakşəhər” bu görüşlərdə 44 qələbə, 19 heç-heçə və 26 məğlubiyyət görüb.
“Başakşəhər” Türkiyə Super Liqasında 2024/2025-ci illər mövsümünün başa çatmasına bir tur qalmış 54 xall 5-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisinin mövsümü elə bu pillədə başa vuracağı və Türkiyəni qarşıdakı mövsümdə Konfrans Liqasında təmsil edəcəyi dəqiqləşib.
Çağdaş Atan daha öncə “Kayserispor”un və “Alanyaspor”un da baş məşqçisi olub, “Beşiktaş”da köməkçi məşqçi kimi çalışıb.


