Formula 1: Oskar Piastridən 5-ci qələbə!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 9-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Barselonada təşkil olunub.

İspaniya qran-prisində “Maklaren” pilotları dominantlıq ediblər. Qələbəni Oskar Piastri qazanıb. Avstraliyalı 23 yaşlı pilot 66 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 5-ci, karyerası ərzində isə 7-ci qələbəsidir.

Piastrinin komanda yoldaşı Lando Norris Barselonadakı yarışda ikinci yeri tutub. Startda irəliləməyi bacaran Şarl Lekler isə sonda Maks Ferstappeni də keçərək podiumun son pilləsinə çıxıb.

Niderlandlı dördqat dünya çempionu üçün yarış uğursuz alınıb. Maks Ferstappen Leklerlə insidentə görə 10 saniyəlik cərimə alıb. Bunun da nəticəsində o, 10-cu yeri tutub. Bu uğursuzluqdan sonra Maks liderdən artıq 49 xal geri qalır.

İspan sürücü Fernando Alonso mövsümdə ilk xallarını qazanıb. Veteran sürücü 9-cu yeri tutmaqla 2 xal qazanıb.

Geridə qalmış 9 mərhələdən sonra Oskar Piastri 186 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 176 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 137 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 362 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 165 xalla ikinci sıraya yüksəlib. “Mersedes” 159 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 10-cu qran-prisi Kanadada keçiriləcək. Monrealda baş tutacaq bu yarış iyunun 15-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 186
  2. Lando Norris (Maklaren) – 176
  3. Maks Ferstappen (Red Bull) – 137
  4. Corc Rassell (Mersedes) – 111
  5. Şarl Lekler (Ferrari) – 94
  6. Luis Hamilton (Ferrari) – 71
  7. Kimi Antonelli (Mersedes) – 48
  8. Aleksander Albon (Uilyams) – 42
  9. İsaak Hacar (Rasinq Bulls) – 21
  10. Esteban Okon (Haas) – 20
  11. Niko Hulkenberq (Zauber) – 16
  12. Lens Stroll (Aston Martin) – 14
  13. Karlos Sayns (Uilyams) – 12
  14. Pyer Qasli (Alpin) – 11
  15. Yuki Tsunoda (Rasinq Bulls) – 10
  16. Oliver Berman (Haas) – 6
  17. Liam Louson (Red Bull) – 4
  18. Fernando Alonso (Aston Martin) – 2
  19. Cek Duen (Alpin) – 0
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Qabriel Bartoleto (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 362
  2. Ferrari – 165
  3. Mersedes – 159
  4. Red Bull – 144
  5. Uilyams – 54
  6. Rasinq Bulls – 28
  7. Haas – 26
  8. Zauber – 16
  9. Aston Martin – 16
  10. Alpin – 11
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: