Futbol üzrə Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də may ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
37 yaşlı forvard may ayında 7 matça çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 20 oyuna 15 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 59 oyun, 49 qol və 24 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.


