Luka Modriç “Milan”da – Rəsmi

39 yaşlı əfsanəvi xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç “Real”dan azad agent qismində “Milan”a qoşulub.

Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edəcək.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edirdi. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulmuşdu.

Veteran futbolçu 2024/2025-ci illər mövsümündə “Real” üçün bütün yarışlarda 63 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 188 oyuna çıxıb, 28 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: