Roberto Firmino Qətər çempionatına üz tutdu

Səudiyyə Ərəbistanı “Əl-Əhli”sinin 33 yaşlı braziliyalı mərkəz hücumçusu Roberto Firmino bundan sonra “Əl-Sədd”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Qətər klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Qətər klubuna 7 milyon avro məbləğ müqabilində başa gəlib.

Roberto Firmino “Fiqeyrense”nin məzunudur. Braziliyalı hücumçunun Avropa futbolunda debütü Bundesliqa təmsilçisi “Hoffenhaym”la baş tutub. Buradan “Liverpul”a keçmiş Firminonun futbolçu karyerasının ən məhsuldar dövrü, məşhurluğu məhz İngiltərə təmsilçisinin adı ilə bağlıdır. Ardınca Firmino “Əl-Əhli”yə keçib.

Geridə qalmış mövsümdə Firmino “Əl-Əhli” üçün 31 oyuna çıxıb, 12 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Roberto Firmino 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 55 oyuna 17 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Roberto “selesao” ilə 2019-cu il Amerika Kubokunun qalibi olub.

Firmononun futbol nailiyyətlərinə gəlincə, braziliyalı hücumçu qənimətlərinin böyük əksəriyyətini “Liverpul”la qazanıb: İngiltərə Premyer Liqasının (2019/2020), İngiltərə Kubokunun (2022), İngiltərə Liqa Kubokunun (2022), İngiltərə Super Kubokunun (2023), Çempionlar Liqasının (2018/2019), UEFA Super Kubokunun (2019/2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub. Roberto həmçinin “Əl-Əhli” ilə 2024/2025-ci illər mövsümü Çempionlar Liqasında qalibiyyət əldə edib.

“Transfermartk” internet-portalı 33 yaşlı braziliyalı mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: