Rüfət Zaqreb “Dinamo”suna qarşı 52 dəqiqə oynadı

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 5-ci turu çərçivəsində Zaqreb “Dinamo”su ilə qarşılaşıb.

“Varajdin” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Azərbaycanlı vinger bu görüşün 46-cı dəqiqəsində, fasilədən dərhal sonra meydana buraxılıb. O, cəmi 1 dəqiqə sonra komandasının bərabərlik qolunda məhsuldar ötürmə müəllifi olub.

Yeni mövsümdə Zaqreb “Dinamo”suna ilk xal itkisini yaşatmış “Varajdin” 5 turdan sonra 6 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 5 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 3 rəsmi oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: