Xorxe Kaskilya: “Biz çox böyük iş görmüşük”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Premyer Liqanın 3-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi Masazırdakı görüşdə sürprizə imza ataraq 1:0 hesablı qələbəyə sevinib.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Biz çox böyük iş görmüşük. Bu işin nəticəsi bu gün qazandığımız qələbədir. İlk hissə çox çətin oldu. İlk dəqiqələrdən “Sabah” pressinq tətbiq etdi. Lakin biz bunun qarşısını ala bildik. 2-ci hissədə tamam fərqli oyun gördük. Bizim əks-hücuma çıxmağa çox şanslarımız oldu və nəticədə qalib gəldik. Rəqimiz çox təhlükəli komandadır. Biz qol vurduqdan sonra daha rahat oynamağa başladıq. Qalibiyyəti hiss edərək daha motivasiyalı olmağa çalışdıq”.

Xorxe Kaskilya milli komandaların oyunu ilə əlaqədar yaranacaq fasilədə yoxlama oyunu keçirmək istədiklərini də açıqlayıb:

“Yaranan fasilədən maksimum yararlanaraq Birinci Liqa komandası ilə yoxlama matçı keçirmək istəyirik. Oyunun detalları haqda daha sonra klub tərəfindən açıqlama veriləcək.”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas isə komandasının debütantla görüşdəki gözlənilməz məğlubiyyətinə belə şərh verib:

“İmişli”ni qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə rəqib üçün böyük qalibiyyətdir. Bunu təntənəli şəkildə qeyd edirdilər. Bizə gəldikdə, oyunun bu cür alınacağını təsəvvür belə etmirdik. Əlbəttə, futbolda bəzən belə hallar baş verir. Çünki hər iki hissədə dominant, topa daha çox sahib olan tərəf, cərimə meydançasına daha çox daxil olan komanda biz idik. Amma qapının önündə kəskinlik çatışmırdı. Rəqibin həm birinci, həm də ikinci hissədə bir epizodu oldu. Onlar ikinci hissədəki epizodlarından fərqləndilər. Biz bu səhvlərdən nəticələr çıxarmalıyıq, öyrənməli və bu səhvləri bir daha etməməliyik.

Milli komandaların oyununa görə, fasilə olacaq. Fasilədə çalışacağıq ki, çatışmayan cəhətləri aradan qaldıraq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: