İngiltərənin “Kristal Pelas” klubunun kolumbiyalı müdafiəçisi Daniel Munyos bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Nottingem Forest”in rəsmi saytına istinadən xəbər verir.
“Meşəçilər” bu transfer üçün “Kristal Pelas”a 25,7 milyon avro ödəyiblər. 30 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.
Daniel Munyos “Agilas Doradas” klubunda futbola qədəm qoyub, buradan “Atletiko Nasyonal”a yol tapıb. Kolumbiya nəhənginin heyətində püxtələşmiş Munyos daha sonra “Genk”ə transfer edilib. “Kristal Pelas” Munyosu 2024-cü ilin yanvarında “Genk”dən 8 milyon avro müqabilində transfer etmişdi. Təcrübəli müdafiəçi İngiltərə klubunun heyətində 109 oyuna çıxıb, 11 qol vurub, 16 məhsuldar ötürmə verib.
Daniel Munyosun qənimətlər muzeyində 2021-ci il Belçika Kuboku var. O, “Kristal Pelas”la da Avropa Konfrans Liqasının, İngiltərə Federasiya Kubokunun və İngiltərə Super Kubokunun qalibi olub.
Daniel Munyos 2021-ci ilin iyununda debüt etdiyi Kolumbiya yığmasının heyətində 51 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı kolumbiyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


