UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın hazırkı rəhbəri Canni İnfantinonu vəzifəsindən istefa verməyə çağırıb.
Arena.az xəbər verir ki, Platini bu barədə “RMC Sport”a açıqlamasında danışıb.
Onun sözlərinə görə, İnfantino futbol qaydalarının qoruyucusu olduğu halda, özü həmin qaydalara əməl etmir.
“İqtisadi məsələlər bir tərəfə, düşünürəm ki, İnfantino uğursuzluğa düçar olub. Çünki o, qaydaların təminatçısıdır, amma özü onlara əməl etmir. Dünya çempionatındakı reklam fasilələri və finalda hissələrarası fasilənin uzadılması reqlamentdə nəzərdə tutulmayıb. Qırmızı vərəqənin ləğvi ilə bağlı hadisə isə ən pis məqam idi. O, qaydaların təminatçısıdır, lakin onlara əməl etmir. Buna görə də istefa verməlidir”, – Platini bildirib.
Qeyd edək ki, daha əvvəl İnfantinonun dünya çempionatının keçirilməsi hüquqlarının bir hissəsini özəl investorlara satmaq istəyinə görə UEFA-nın dəstəyini itirdiyi bildirilmişdi.
İyul ayında İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək şirkət yaratmaq niyyətində olduğu məlum olub. FIFA rəhbərinin fikrincə, “FIFA Forward Enterprise” şirkətinin yaradılması quruma üzv assosiasiyaların gəlirlərini artırmaqla yanaşı, dünya futbolunun inkişafına da töhfə verə bilərdi. FIFA bu sxemin 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.
Təşəbbüs bir sıra futbol qurumları və federasiyalar tərəfindən ciddi tənqid olunub. UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) təklifi rədd edib. Daha sonra İnfantinoya Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar dəstək verib.
56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. O, daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. FIFA prezidentliyinə növbəti seçkilərin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır.


