Lamin Yamal – XXI əsrdə La Liqada penalti vuran ən gənc futbolçu!

Kataloniya təmsilçisi “Barselona”nın ispaniyalı vingeri Lamin Yamal XXI əsrdə İspaniya La Liqasında ən gənc penalti vuran futbolçu olub.

Arena.az bu barədə “Squawka” statistika portalına istinadən məlumat verir.

Yamal İspaniya çempionatının 2025/2026-cı illər mövsümünün 3-cü turunda “Rayo Valyekano” ilə matçın 40-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə bu ünvana sahib çıxıb. 1:1 hesabı ilə yekunlaşmış qarşılaşma zamanı Yamalın 18 yaşı (18 yaş, 49 gün) olub.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 3 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 109 oyun, 27 qol və 37 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: