ABL: 2025/2026 mövsümünə start verildi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında son çempion “Sabah” “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçilərinin Bakı İdman Sarayında baş tutmuş görüşündə “bayquşlar” qalib gəliblər – 86:75.

Qeyd edək ki, ilk tura oktyabrın 2-də yekun vurulacaq.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

A qrupu: “Sabah”, “Neftçi”, “Şəki”, “Abşeron Lions”, NTD, “Gəncə”.

B qrupu: “Naxçıvan”, “Ordu”, “Sərhədçi”, “Sumqayıt”, “Quba”, “Lənkəran”.

Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: