İspaniya çempionu “Barselona” iki futbolçusunun – qapıçı Joan Qarsiya və hücumçu Rafinyanın xidmətindən məhrum olub.
Arena.az xəbər verir ki, qolkiper məşq zamanı, forvard isə La Liqanın 6-cı turunda qarşılaşdıqları “Real Ovyedo” ilə matçda zədə alıb.
Hər iki oyunçu təxminən 2 həftəyə yaxın müddətə sıradan çıxıb. Onların dəqiq hansı tarixdə sıraya dönəcəkləri bəlli deyil. Rafinya ilə Joan Qarsiyanın La Liqada “Real Sosyedad” və “Sevilya”, UEFA Çempionlar Liqasında isə PSJ-yə qarşı oyunları buraxacaqları ehtimal olunur.
Yeri gəlmişkən, “Barselona”nın digər ulduz futbolçusu – Lamin Yamal artıq zədəsini sağaldıb. İspan hücumçu bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, artıq komanda ilə birgə məşqlərə qatıldığını bildirib. Yamalın növbəti oyunlarda komandasına kömək etməsi gözlənilir.
Xatırladaq ki, Lamin Yamal İspaniya yığmasının düşərgəsindən zədəli qayıtmışdı. Bu üzdən də o, iki həftəyə yaxın idi komandasına kömək edə bilmirdi.


