FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbat xidməti məlumat yayıb.
Bu addımın məqsədi qurumun qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.
Bu prosesin nəticəsi olaraq, FIFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün ali futbol qurumunun Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.
Şuranın qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.
Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.
Yeni təyinatlar FİFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.
Xatırladaq ki, Rövşən Nəcəf 2024-cü il aprelin 2-də AFFA-nın prezidenti seçilib. O, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir.


