Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığması ilə üz-üzə gələcək.
Sözügedən qarşılaşma məlum səbəblərdən Polşada keçiriləcək. “Krakoviya” stadionunda təşkil ediləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sebastyan Qişamer olacaq.
Ukrayna yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Sözügedən komanda ilə indiyə qədər 3 oyun keçirmişik. Bunlardan sonuncusu elə bu seçmə mərhələyə təsadüf edib. Bakıdakı görüşdə qalib müəyyənləşməyib – 1:1. Ondan əvvəlki oyunlar isə yoxlama görüşü çərçivəsində olub. 2006-cı ildə Bakıda keçirilmiş ilk görüşdə qapılara qol vurulmayıb. Elə həmin ilin avqustunda Kiyevdə keçirilmiş oyunda isə millimiz 0:6 hesablı darmadağına üzülüb.
Azərbaycan millisi bu seçmə mərhələyə uğursuz başlayıb. Komandamız ilk turda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. 3 gün öncə Fransa ilə səfər oyunumuzda da 0:3 hesablı məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, bu gün keçiriləcək D qrupunun digər oyununda İslandiya Fransa yığmasını qəbul edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr
Ukrayna – Azərbaycan
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
VAR: Manuel Şuettenqruber (Avstriya).
AVAR: Kristian-Petru Çiokirça (Avstriya).
Polşa. “Krakoviya” stadionu. Saat 22:45.


