İsveçrəli mütəxəssis Luka Qabrilo üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəsmi saytı məlumat yayıb.
Mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.
Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.
Peşəkar fəaliyyətinə İsveçrədə başlamış 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio-2020 Yay Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.
Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb. O, bu müddətdə “Team Iron” komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.



