Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün 3-cü turunda yeni qol rekordu qeydə alınıb.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, ÇL-in əsas mərhələsinin 3-cü turu çərçivəsində 21 və 22 oktyabr tarixlərində keçirilmiş 18 oyunda komandalar ümumilikdə 71 qol vurublar. Bu göstərici turnirin tarixində məhsuldarlıq baxımından rekord təşkil edir.
Əvvəlki rekord (18 matçda 67 qol) tarixdə iki dəfə qeydə alınıb: cari mövsümün Çempionlar Liqasının 1-ci turunda və ötən kampaniyanın əsas Avropa Kubokunda 5-ci turda.
Xatırladaq ki, 21 oktyabrda 3-cü turun ilk doqquz oyununda 43 qol vurulub. ÇL-in ikinci oyun günündə komandalar 28 dəfə fərqləniblər.
Qeyd edək ki, əsas Avropa Kubokunda bir turda 70-dən çox qol ilk dəfə vurulub.
Çempionlar Liqasının əsas mərhələsində itkisiz irəliləyən cəmi 5 komanda var. Bunlar 9 xalla şərikli liderlik edən PSJ, “Bayern”, “İnter”, “Arsenal” və “Real”dır.


