Səudiyyə Ərəbistanı “Əl-İttihad”ının fransalı hücumçusu Kərim Benzema, “Real”ın braziliyalı futbolçusu Vinisius Juniordan danışıb.
Arena.az xəbər verir ki, Benzema Vinisiusun “Qızıl top”u qazana bilib-bilməyəcəyi ilə bağlı sualı belə cavablayıb:
“Fikrimcə, Vinisius bir kərə “Qızı top”u qazana bilər. Bu, çətindir, amma mümkündür. Bu, ondan sonra baş verəcək ki, o, meydanda ancaq oyun üçün olduğunu başa düşəcək, onda ki, qalan bütün hər şeyi başından atacaq. O, “Qızıl top”u qazana bilər. O, keyfiyyətlərə malikdir və bunun üçün ən yaxşı yerdədir”, deyə Benzema vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 16 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 338 oyun, 111 qol, 87 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 45 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


