Formula 1: Ferstappenin 2025-cı ildə 6-cı zəfəri

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 22-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Las Veqasda təşkil olunub.

Las Veqas qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. “Red Bull”un niderlandlı sürücüsü 50 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 6-cı, karyerası ərzində 69-cu zəfərdir.

Sonrakı yerləri “Mersedes”in pilotları bölüşüblər. Belə ki, Corc Rassel ikinci, Kimi Antonelli isə üçüncü yeri tutublar.

Cari mövsümdə uğurlu çıxış sərgiləyən “Maklaren”in pilotları Lando Norris və Oskar Piastri isə Las Veqas qran-prisindəki performanslarına görə cəzalandırılıblar. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yaydığı məlumata görə, buna sürücülərin idarə etdikləri bolidlərin sürüşmə lövhəsinin həddən artıq aşınması səbəb olub. Yarış bitdikdən sonra FİA nümayəndələri tərəfindən aparılan yoxlamalar nəticəsində bolidlərdə texniki nasazlıqlar ortaya çıxıb. Nəticədə hər iki pilotun Las Veqasda qazandığı xallar silinib.

Beləliklə, geridə qalmış 22 mərhələdən sonra Lando Norris hələ də 390 xalla vahid liderdir. Onun komanda yoldaşı Oskar Piastri 366 xalla ikincidir. İlk üçlüyü Maks Ferstappen qapayır. Onun da hesabında 366 xal var.

Mühəndislər Kubokunda “Maklaren” 756 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 431 xalla ikinci, “Red Bull” isə 391 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 23-cü qran-prisi Qətərdə keçiriləcək. Luseyl şəhərində baş tutacaq bu yarış noyabrın 30-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Lando Norris (Maklaren) – 390
  2. Oskar Piastri (Maklaren) – 366
  3. Maks Ferstappen (Red Bull) – 366
  4. Corc Rassell (Mersedes) – 294
  5. Şarl Lekler (Ferrari) – 226
  6. Luis Hamilton (Ferrari) – 152
  7. Kimi Antonelli (Mersedes) – 137
  8. Aleksander Albon (Uilyams) – 73
  9. İsaak Hacar (Rasinq Bulls) – 51
  10. Niko Hulkenberq (Zauber) – 49
  11. Karlos Sayns (Uilyams) – 48
  12. Oliver Berman (Haas) – 41
  13. Fernando Alonso (Aston Martin) – 40
  14. Liam Louson (Red Bull) – 36
  15. Esteban Okon (Haas) – 32
  16. Lens Stroll (Aston Martin) – 32
  17. Yuki Tsunoda (Rasinq Bulls) – 28
  18. Pyer Qasli (Alpin) – 22
  19. Qabriel Bartoleto (Zauber) – 19
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 756
  2. Mersedes – 431
  3. Red Bull – 391
  4. Ferrari – 378
  5. Uilyams – 121
  6. Rasinq Bulls – 90
  7. Haas – 73
  8. Aston Martin – 72
  9. Zauber – 68
  10. Alpin – 22
Xəbəri sosial şəbəkələrdə paylaş: