Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Rizəspor” komandasının baş məşqçisi İlhan Palut istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Rizə klubunun mətbuat xidməti məlumat yayıb.
Elita təmsilçisi Paluta göstərdiyi xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, İlhan Palut 2023-cü ilin iyul ayından “Rizəspor”a rəhbərlik edirdi. Bu müddətdə o, Rizə təmsilçisini 96 oyuna çıxarıb, 37 qələbə, 17 heç-heçə və 42 məğlubiyyət görüb.
49 yaşlı türkiyəli mütəxəssis daha öncə “Hatayspor”, “Göztəpə” və “Konyaspor”a da baş məşqçilik edib.
“Rizəspor” Türkiyə Super Liqasında 14 turdan sonra 15 xalla 12-ci sırada qərarlaşıb. Komanda bu görüşlərdə 3 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Rizə təmsilçisinin yeni baş məşqçisinin Abdullah Avcı olacağı iddia olunur. Türkiyə mətbuatı artıq tərəflərin razılığa gəldiyini yazır. Türkiyəli mütəxəssisin tezliklə yeni klubu ilə müqaviləyə imza atması gözlənilir. Klub isə hələlik yeni təyinatı açıqlamayıb.


