Saşa İliç 1:5 hesablı darmadağına belə şərh verdi

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Türkiyə toplanışı çərçivəsində Macarıstan “Pakş”ına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşü macarların 5:1 hesablı əzici qələbəsiylə yekunlaşıb.

Amma Saşa İliç belə oyunlarda hesabın önəmli olmadığını bildirib:

“Bu cür matçlarda nəticə vacib deyil. Yoldaşlıq görüşlərindəki hesab bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Qolları əsasən fərdi səhvlərdən buraxdıq. Bunun üzərində işləyəcəyik”.

Serbiyalı mütəxəssis komandasının hazırlıq səviyyəsinə də toxunub:

“Cəmi 4-5 gündür məşq edirik. Gənclərin təcrübəyə ehtiyacı var, biz də onlara bu şansı yaradırıq. Bəzi legionerlər düşərgəyə gec qoşulub. Ona görə də hələlik optimal formadan danışmaq tezdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: