Artyom Dovbik ciddi zədə aldı – 2 ay oynamayacaq

Futbol üzrə Ukrayna milli komandasının və İtaliyanın “Roma” klubunun hücumçusu Artyom Dovbik uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, o, İtaliya A Seriyasında “Leççe”yə qarşı keçirdikləri oyunda aldığı zədə səbəbindən xeyli müddət məcburi istirahət etməli olacaq.

Ukraynalı futbolçunun bərpa müddətinin təxminən iki ay çəkəcəyi vurğulanır.

Daha əvvəl mətbuatda “Roma”nın yanvarda Dovbiki satmaq niyyətində olduğu barədə xəbərlər yayılmışdı. Ancaq futbolçunun aldığı zədə bu planların reallaşmasını xeyli çətinləşdirə bilər.

Dovbik cari mövsümdə İtaliya A Seriyasında 13 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Roma” Dovbiki 2024-cü ilin yayında 30,5 milyon avro məbləğ müqabilində “Jirona”dan transfer edib. Ukraynalı futbolçunun “canavarlar”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var.

Dovbik “Roma”nın heyətində bütün yarışlarda 62 oyuna çıxıb, 20 qol vurub və 6 məhsuldar ötürmə verib.

Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.

Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 40 oyuna 11 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Artyomun qənimətlər muzeyində “Midtyulland”la qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” ilə əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.

Fərdi uğurlara gəlincə, Artyom Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: