İtaliyanın “Milan” klubunun hücumçusu Mario Mandzukiç A Seriyası təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə xorvatiyalı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
35 yaşlı hücumçu hər kəslə vidalaşıb və “Milan”a uğurlar arzulayıb.
Qeyd edək ki, Mandzukiç bu ilin yanvarında “Milan”la müddəti iyunun sonuna qədər olan müqavilə imzalamışdı. Xorvatiya millisinin sabiq üzvü “qırmızı-qaralar”la ümumiliikdə 11 oyuna çıxıb.
Mario bir müddət öncə maraqlı jestə də imza atmışdı. Zədə səbəbindən mart ayında heç bir oyuna çıxmadığı üçün o, həmin ayın məvacibini kluba bağışlamışdı. Bunu “Milan”ın mətbuat xidməti də rəsmən açıqlamışdı. Xəbərdə, Mandzukiçin bir aylıq məvacibini – 300 min avronu kluba ianə etdiyi diqqətə çatdırılmışdı.
Mandzukiç karyerası ərzində “Marsoniya”, “Zaqreb”, “Dinamo” (Zaqreb), “Volfsburq”, “Bavariya”, “Atletiko”, “Yuventus” və “Əl-Duhail” kimi komandalarda da forma geyinib. O, Xorvatiya yığmasında keçirdiyi 89 oyunda 33 qol vurub.


