Lamin Yamal mövsümü erkən başa vurdu

“Barselona”nın 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal zədə səbəbindən 2025/26 mövsümünü erkən başa vurub.

Arena.az xəbər verir ki, yeniyetmə futbolçu ötən gecə La Liqa çərçivəsində “Selta”ya qarşı keçirdikləri oyunda zədələnib.

18 yaşlı futbolçu matçın 40-cı dəqiqəsində penaltidən fərqlənsə də, ilk hissənin sonuna qədər oynaya bilməyib və baş məşqçi Hansi Flik onu əvəzləmək məcburiyyətində qalıb. İlkin müayinələr Yamalda arxa bud əzələsinin qopduğunu göstərib.

Matçdan sonra Hansi Flik ispan futbolçunun zədəsi barədə bunları söyləyib:

“Sabah dəqiq diaqnozu biləcəyik, ona görə, gözləməliyik. Yamal bizim üçün çox vacib oyunçudur. Eyni sözləri Joao Kanselo haqqında da deyə bilərəm. Təəssüf ki, belə hallar olur. Yamal zədəlidir, Kanselo da həmçinin. Rafinya, Mark Bernal və Andreas Kristensen isə daha əvvəl sıradan çıxıb. Zədə alan futbolçulara həmişə üzülürəm. Onların nələr yaşadığını bilirəm”.

Artıq “Barselona” ispan vingerin zədəsi barədə rəsmi açıqlama da yayıb. Xəbərdə bildirilir ki, ətraflı müayinələr nəticəsində futbolçunun dizaltı vətərinin zədələndiyi təsdiqlənib. İspaniyalı hücumçu cari mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Klubun tibbi heyəti tərəfindən Yamalın konservativ müalicə alacağı vurğulanır.

Yamalın bu zədə səbəbindən DÇ-2026-nı buraxması ehtimalı da var. Amma gənc vingerin dünya çempionatına qədər tam bərpa olunacağı gözlənilir.

Xatırladaq ki, “Selta” ilə qarşılaşma “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Toni Kroosa görə dünyanın ən böyük istedadı

Bu arada “Real”ın almaniyalı keçmiş yarımmüdafiəçisi Toni Kroos Lamin Yamaldan söhbət açıb. Keçmiş futbolçunun müvafiq fikrini təqdim edirik:

“Lamin Yamal hal-hazırda dünya futbolunda ən böyük istedaddır”, deyə Kroos vurğulayıb.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda 24 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 151 oyun, 49 qol və 52 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 25 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: