Futbol üzrə Braziliya millisinin və Madrid “Real”ının mərkəz müdafiəçisi Eder Militao bu həftə cərrahi əməliyyat ediləcək.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən məlumat verir.
Braziliyalı futbolçunun 2025-ci ilin dekabrında aldığı bud zədəsi yenidən təkrarlanıb. Bu səbəbdən, onun cərrahi müdaxiləyə ehtiyacı yaranıb. Əməliyyat Finlandiyada həyata keçiriləcək. Müdafiəçinin bərpa müddətinin təxminən 5 ay çəkəcəyi gözlənilir. Futbolçu qarşıdakı dünya çempionatını buraxacaq.
Eder Militao “San Paulo”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini 2024-cü ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.
Cari mövsümdə Militao “Real” üçün 21 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 194 oyun, 14 qol, 7 məhsuldar ötürmə.
Eder Militao “Kral klubu” ilə 3 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 38 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


