İspaniyanın “Valyadolid” klubu baş məşqçisi Serxio Qonsales ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qonsalesin istefasına komandanın İspaniya La Liqasının 2020/21 mövsümün çox uğursuz başa vurması səbəb olub. Belə ki, 38 oyunda 31 xal toplayan “Valyadolid” 20 kollektiv arasında 19-cu yeri tutub və elitanı tərk edib. Komanda növbəti mövsümü Sequndada keçirəcək.
Serxio Qonsales 2018-ci ildən “Valyadolid”ə rəhbərlik edirdi. 44 yaşlı mütəxəssis bu komandanı 137 matça çıxarıb. Sözügedən kollektiv bu görüşlərdən 38-də qalib gəlib, 46 heç-heçəyə razılaşıb, 53 oyunda isə məğlubiyyətə üzülüb. O, bundan öncə 2014-2016-cı illər aralığında “Espanyol”u da çalışdırmışdı.
Sonda onu da qeyd edək ki, “Valyadolid” klubunun prezidenti Braziliya millisinin keçmiş hücumçusu, əfsanəvi Ronaldo Nazariodur.


