Azərbaycan Basketbol Liqasının dördqat qalibi “Sabah” komandasını bundan sonra serbiyalı mütəxəssis Lazar Spasiç çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Spasiçin məşqçilər korpusuna Anatoli Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.
Xatırladaq ki, Lazar Spasiç məşqçi karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan 1992-ci il təvəllüdlü mütəxəssis “Rtanj”, “Zdravlye Leskovaç” və “Vrşaç” komandalarına rəhbərlik edib.
Serb mütəxəssis 2024/2025-ci illər mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.
Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi “EWE Baskets Oldenburq” klubunda baş məşqçi işləyib.
Sonda onu da qeyd edək ki, Spasiç “Sabah”ın baş məşqçi postunda bir neçə gün öncə öz istəyi ilə vəzifəsindən ayrılmış litvalı Rimas Kurtinaytisi əvəz edib.


