Futbol üzrə Azərbaycan Birinci Liqasında artıq başa çatmış 2025/2026-cı illər mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.
Arena.az xəbər verir ki, nəticəsi ləğv olunmuş “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutmuş 135 görüşdə orta göstərici 190-a bərabər olub.
Sonuncu – 27-ci turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutmuş görüşü 2750 tamaşaçı seyr edib.
Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.
14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. Birinci Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.
Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanmış “Şəfa” 3-cü olub.
| klub | tamaşaçı | oyun | orta | |
| 1 | Mingəçevir | 11520 | 14 | 823 |
| 2 | Zaqatala | 4360 | 13 | 335 |
| 3 | Şəfa | 3070 | 14 | 219 |
| 4 | Səbail | 2060 | 14 | 147 |
| 5 | MOİK | 1240 | 13 | 95,4 |
| 6 | Baku Sportinq | 1135 | 14 | 81,1 |
| 7 | Difai | 915 | 13 | 70,4 |
| 8 | Şahdağ Qusar | 510 | 13 | 39,2 |
| 9 | Cəbrayıl | 440 | 13 | 33,8 |
| 10 | Şimal | 460 | 14 | 32,9 |
| cəmi | 25710 | 135 | 190 |


