Renat Dadaşov “Motor”dan ayrıldı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” (Lyublin) klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı hücumçunun klubla 1 mövsümlük müqaviləsinin müddəti başa çatıb. “Motor” Renata təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atmışdı. O, Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Renat Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edərək “Motor”la razılaşmışdı. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: