Entoni Qordon “Barselona”da!

Futbol üzrə İngiltərə milli komandasının və “Nyukasl”ın sol vingeri Entoni Qordon bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı cinah hücumçusu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. “Barsa”nın bu keçid üçün “Nyukasl”a 70 milyon avro təzminat ödədiyi barədə xəbərlər var.

Xatırladaq ki, Qordon 2023-cü ilin yanvar ayında 45,6 milyon avro qarşılığında “Everton”dan “Nyukasl”a keçmişdi. O,“Nyukasl”ın heyətində 152 oyuna çıxıb, 39 qol və 28 məhsuldar ötürmə müəllifi olub.

“Liverpul”un yetirməsi olan Entoni Qordon “Everton” və “Preston” klublarının da şərəfini qoruyub.

İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında da forma geyinmiş Qordon 2024-cü ilin mart ayında əsas millidə debüt edib. Qordon İngiltərə yığmasının heyətində 17 oyuna çıxıb, 2 qola imza atıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: