Futbol üzrə Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandalar tarixində ən çox qol vurmağı bacarmış 5 futbolçudan biri olub.
Arena.az xəbər verir ki, iyunun 2-də Xorvatiya ilə keçirilmiş yoxlama görüşündə meydana sonradan daxil olaraq matçın yekun hesabını müəyyənləşdirən (2:0) 33 yaşlı forvard Belçika yığmasının heyətində 125 oyunda 90-cı qolunu vurub.
Təcrübəli oyunçu vurduğu qollardan 5-ni dünya çempionatlarında (19-nu seçmə mərhələlərdə), 6-nı Avropa çempionatlarında (21-ni seçmə mərhələlərdə), 9-nu isə UEFA Millətlər Liqasında rəqib qapılarından keçirib.
Qeyd edək ki, Romelu Lukaku bu göstərici ilə hərəyə 89 qol vurmuş polşalı Robert Levandovski və malayziyalı Mohtar Daharini geridə qoyub. İndi onu yalnız hindistanlı Sunil Çetri (95 qol), iranlı Əli Daei (108 qol), argentinalı Lionel Messi (116 qol) və portuqaliyalı Kristiano Ronaldu (143 qol) qabaqlayır.


