İspaniya La Liqasında 2025/2026-cı illər mövsümünü gümüş medallarla tamamlamış “Real”ın baş məşqçisi Alvaro Arbeloa istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniya nəhəngi Arbeloaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Alvaro Arbeloa bu ilin yanvar ayında “Real”a müvəqqəti baş məşqçi təyin edilmişdi. Madrid təmsilçisi 43 yaşlı mütəxəssisin rəhbərliyi altında 28 oyuna çıxıb. “Qaymaqlılar” bu görüşlərdə 18 qələbə qazanıblar, 2 heç-heçə ediblər, 8 məğlubiyyətə üzülüblər.
İspaniya mətbuatının yaydığı məlumata görə, “Real”ın yeni baş məşqçisi Joze Mourinyo olacaq. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb. Hazırda isə təcrübəli məşqçi “Benfika”nı çalışdırır. “Real” Mourinyonun bu klubdan ayrılması üçün Portuqaliya təmsilçisinə təzminat ödəməli olacaq.


