“Şəfa” Premyer Liqaya yeni loqo ilə qoşulur

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” futbol klubu loqosunu dəyişdirib.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Klub bu gün yeni loqosunu təqdim edib. Bildirilir ki, “bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən güclü rəmzlərdən ibarətdir.

Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. Ulduz bu komandanın 2000/2001-ci illər mövsümündə qazandığı Azərbaycan Kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır.

Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə klubun təsis ilidir. Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur.

Xatırladaq ki, “Şəfa” 2025/2026-cı illər mövsümündə Birinci Liqanın qalibi olaraq Premyer Liqaya yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: