Haland dünya çempionatının pley-offunda Ronaldonu geridə qoydu

DÇ-2026-nın 1/16 final mərhələsində Kot-d’İvuar yığması ilə görüş Norveç milli komandasının hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayına görə Portuqaliya yığmasının ulduzu Kristiano Ronaldonu geridə qoyub.

Haland DÇ-2026-nın 1/16 final mərhələsində Kot-d’İvuar millisi ilə görüşdə (2:1) komandasına qələbə qazandıran qolu vuraraq buna nail olub. Maraqlıdır ki, bu, 25 yaşlı hücumçunun dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi ilk oyun idi.

41 yaşlı Ronaldo isə mundialların pley-offunda indiyə qədər 8 oyuna çıxsa da, nə qol vurub, nə də məhsuldar ötürmə verib. Bununla belə, portuqaliyalı futbolçunun bu göstəricini yaxşılaşdırmaq imkanı qalır. Portuqaliya millisi DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə qarşılaşacaq.

Haland 2022-ci ilin yayından “Mançester Siti”nin formasını geyinir. O, İngiltərə klubunda çıxış etdiyi müddətdə 3 dəfə Premyer Liqanın bombardiri olub, həmçinin 2 Premyer Liqa, 2 İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku, UEFA Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.

Ronaldo isə karyerası ərzində 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, UEFA Çempionlar Liqasını 5 dəfə, Avropa çempionatını və 2 dəfə UEFA Millətlər Liqasını qazanıb. Təcrübəli hücumçu həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: